“Bayern”in baş məşqçisi Vensan Kompani Münhen komandasının qapıçısı Manuel Noyerin ünvanına tənqidləri cavablayıb.
Arena.az xatırladır ki, alman qapıçı Çempionlar Liqasının Liqa mərhələsinin “Barselona” ilə 3-cü tur səfər oyununda 1:4 hesablı məğlubiyyətdən sonra, tənqid seli ilə üzləşib.
Vensan Kompani bu qəbildən olan tənqidləri cavablayaraq, komandanın veteran futbolçusunu jurnalistlərin “zəhərli dil”lərindən müdafiə edib. O, kortəbii təndiqdi əsaslandırılmış dəlilə yönəldib, həm də uğur və müvəffəqiyyətsizliklərin komanda olaraq əldə edildiyini vurğulayıb:
“Biz məğlub olanda, bunu hamımız birlikdə yaşayırıq. Bu, təkcə “Manu”ya deyil, bütün komandaya və məşqçilərə aiddir. Bu, vacibdir. “Manu” isə oyununu dəyişsə, bunu ancaq daha da yaxşı olması üçün edəcək. Tənqid – futbolun bir hissəsidir”, – “Bayern & Germany” belçikalı mütəxəssisdən sitat gətirir.
Əlavə edək ki, daha əvvəl, Almaniya futbolunun əfsanəsi Lotar Matteus Manuel Noyeri tənqid edərək, qapıçının əvvəllər olduğu tək etibarlı olmadığını bildirmişdi.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 10 oyuna çıxıb, 12 qol buraxıb, 4 oyunda qapısının toxunulmazlığını təmin edib. Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 531 oyun, 439 buraxılmış qol və 248 “quru” oyundan ibarətdir.
Manuel Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


