Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Verder” 2024/2025 mövsümü öncəsi heyətini yeni oyunçularla gücləndirib.
Arena.az xəbər verir ki, sözügedən klub Fransanın “Olimpik” (Lion) klubundan icarəyə götürdüyü yarımmüdafiəçi Skelli Alveronun transfer hüquqlarını alıb.
Almaniya təmsilçisi bunun üçün 4,75 milyon avrosundan keçib. 22 yaşlı fransız futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Skelli Alvero Almaniya klubuna bu ilin yanvarında icarə əsasında keçmişdi. Lakin o, zədə səbəbindən Bundesliqa təmsilçisinin heyətində elə də çox oyun keçirməyib. Cəmi 6 oyuna çıxmış mərkəz yarımmüdafiəçisi bu görüşlərdə 1 qolla yadda qalıb. O, daha öncə ölkəsində “Soşo” və “Olimpik” (Lion) klublarının formasını geyinib.

Rostok “Hanza”sının təcrübəli qapıçısı Markus Kolke də bundan sonra “Verder”in uğurları üçün çalışacaq. Bundesliqa təmsilçisi onu cəmi 70 min avro qarşılığında heyətinə qatıb. 33 yaşlı qolkiperlə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır. Alman qapıçı yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Markus Kolke daha öncə “Hanza”dan başqa “Vehen”, “Valdhof”, “Ayntraxt II” və “Viktoriya” kimi komandalarda da forma geyinib.

Bundesliqa təmsilçisi öz oyunçularından Castin Njinma ilə də yeni müqavilə bağlayıb. 23 yaşlı alman hücumçu ilə də müqavilənin müddəti və detalları açıqlanmır.
Xatırladaq ki, Castin Njinma “Holştayn”ın, Dortmund “Borussiya”sının ikinci komandalarında da oynayıb. O, 2022-ci ilin yanvarından “Verder”in əsas komandasına cəlb olunub. Hücumçu bu komandanın heyətində 24 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



