Vernidub “Dinamo”ya biabırçı məğlubiyyəti şərh etdi

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”suna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Belarus təmsilçilərinin Bakıda baş tutmuş ilk görüşündə “ağ-qaralar” 2:4 hesablı məğlubiyyətə üzülüblər.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“İlk 15-20 dəqiqədə tam üstün olursan, iki qol vurursan, bundan sonra hər şey dəyişir. Ötürmələrdə səhvlər etdik, rəqibə şərait yaratdıq ki, hücuma keçib hədəflərinə çatsınlar. Xüsusilə də, dəyişiklik 20-ci dəqiqədə Emil Balayevin çətin qrutarışından sonra oldu. Dərhal zədələndi. Oynamağa davam etdi, dayandı. Yəqin ki, bunun da təsiri oldu ki, birinci qolu buraxdı. Fasiləyə 2:1 üstün yollandıq. Fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə idi. İkinci hissədə ikinci qolu buraxdıq. Qollar hamısı səhvlərin nəticəsində idi. Bir az da vaxt keçdi, yenə qol buraxdıq. Uzun ötürmə oldu, necə oldusa, növbəti qol buraxdıq. Sonra oynadıq, ən azı 2-3 qol epizodumuz var idi. Emil Səfərov və Rüfət Abbasovda qol epizodları oldu. Oturub oyunu təhlil edəcəyik. Nəticələr çıxarmaq lazımdır. Futbolçular haqda danışmaq istəmirəm. Birinci növbədə mənim günahımdır. Çünki baş məşqçiyəm. Özüm özümlə məşğul olmalıyam.

Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır”.

Vernidub “Dinamo” səddini keçə bilməyəcəyi halda mümkün istefası barədə suala da cavab verib:

“İki oyun uduzandan sonra arxama dönüb, getməliyəm? Mən fərqli düşünürəm. “Neftçi” tarixi klubdur. Cavab oyununa hazırlaşacağıq. Qalib gələ, hətta mərhələ adlaya bilərik. Sizə gülməli gələ bilər, amma bu, mümkündür. “Dinamo” özü “Sileks”ə uduzdu, sonra qalib gəlib mərhələ keçdi. Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman hər yerdə qalib gəlir”.

“Məqsədimiz “Neftçi” səddini keçməkdir” – Şaqoyka

“Dinamo”nun baş məşqçisi Aleksandr Şaqoyka da matçdan sonra fikirlərini bölüşüb:

“Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qələbəyə görə şadıq. Amma optimist qalmalıyıq. Bəli, üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qadırmağa çalışacağıq. İkinci oyunu gözləyəcəyik.

Bu gün dörd qol vuracağımıza inanmaya bilərdim. Amma biz 7 dəqiqəyə iki qol buraxacağımızı da planlaşdırmırdıq. Lakin qələbəyə hazırlaşmışdıq. Bunu da etdik. Kiminlə oynayacağımızı bilirdik. Hər şey plan üzrə getdi.

Super üstünlüyümüz yoxdur ki, artıq indidən növbəti mərhələ haqda danışaq. Öz imkanlarımızı bilirik, rəqibə də hörmətlə yanaşırıq. İki top fərqi ən təhlükəli top fərqidir. Çünki buraxdığınız bir qol hər şeyi bir anda sizə qarşı çevirə bilər. Çox ağır oyun olacaq. Ciddi hazırlaşacağıq. Başqa cür olmaz. Məqsədimiz növbəti mərhələyə adlamaqdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: