“Verona” gənc futbolçusunu 4 milyon avroya satdı

İtaliyanın “Verona” klubunun dayaq yarımmüdafiəçisi İbrahim Sulemana A Seriyasının digər təmsilçisi “Kalyari”yə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Kalyari” bu transfer üçün qarşı tərəfə 4 milyon avro ödəyib. Sulemana yeni klubu ilə 4+1 illik müqavilə bağlayıb.

İbrahim Sulemana “Verona”nın öz yetirməsidir. Qanadan olan 20 yaşlı futbolçu bu klubun əsas komandasında cəmi 17 oyuna çıxıb.

“Kalyari” sloveniyalı hücumçusu Nik Preletsi də “Tirol”a icarəyə verib. 22 yaşlı forvardın qarşıdakı mövsümün sonuna kimi Avstriya klubunda çıxış edəcəyi diqqətə çatdırılıb. “Kalyari” Preletsi bu ilin yanvarında 1,3 milyon avroya məhz “Tirol”dan transfer etmişdi. O, İtaliya klubunun əsas komandasında 16 oyuna cəmi 2 assistlə yadda qalıb. Hücumçu daha öncə Lyublyana “Olimpiya”sında da forma geyinib.

“Kalyari” mərkəz müdafiəçisi Davide Verolini də “Katanzaro”ya icarəyə verib. 20 yaşlı italyan futbolçu da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Peskara”nın yetirməsi olan futbolçu “Kalyari”yə 2022-ci ilin sentyabrında transfer olunsa da, bu klubun əsas komandasında debüt şansı qazanmayıb.

“Kalyari”də qapıçı Simone Aresti ilə də yeni müqavilə imzalanıb. 37 yaşlı qolkiper yeni sözləşməyə əsasən, 2023/2024 mövsümünün sonuna kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək. O, 2018-ci ildən formasını geyindiyi bu komandada cəmi 3 matça çıxıb, 3 qol buraxıb. Təcrübəli qolkiper “Olbiya”, “Ternana”, “Peskara”, “Savona” kimi klublarda da oynayıb.

“Kalyari” sol cinah vingeri Vinçentso Milliko ilə də yollarını ayırıb. 22 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib. “Torino”nun yetirməsi olan, “Frozinone” və “Kozentsa”da da oynamış futbolçu 2022-ci ildən formasını geyindiyi “Kalyari”də cəmi 16 oyuna çıxıb, 3 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: