Futbol üzrə Nigeriya yığmasının və Almaniya çempionu “Bayer”in hücumçusu Viktor Bonifase bundan sonra “Verder”də çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə “Verder”in mətbuat xidməti məlumat yayıb.
Sözügedən klub 24 yaşlı forvardı 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, Bonifase son illərdə ciddi zədədən əziyyət çəkir. “Bayer” buna görə onu digər klublara satmaq istəsə də, futbolçu məhz tibbi müayinələrdən uğurla keçə bilmədiyi üçün, Leverkuzen təmsilçisinin düşərgəsinə qayıdırdı. “Verder” də onu yalnız icarəyə götürməyi üstün tutub.
Viktor Bonifase Nigeriyanın “Real Sapfir” klubunun yetirməsidir. Avropa karyerasına Norveçin “Bodo Qlimt” klubunda başlamış Viktor buradan Belçikanın “Yunion Sent-Jilluaz” klubuna keçib. 2023-cü ilin iyulunda isə “Bayer” 20,5 milyon avro müqabilində Bonifaseni öz heyətinə qatıb. Bonifasenin “əczaçılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bonifase “Bayer”in heyətində bütün yarışlarda 61 oyuna çıxıb, 32 qol vurub, 12 məhsuldar ötürmə verib. O, bu klubla Almaniya çempionu olub, eləcə də Almaniya Kubokunun və Almaniya Super Kubokunun baş mükafatına sahib çıxıb.
Viktor Bonifase 2023-cü ilin sentyabr ayında debüt etdiyi Nigeriya yığma komandasının heyətində 13 oyuna çıxıb. O, bu oyunlarda 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
“Lids”dən “Verder” və “Valensiya”ya
“Verder” İngiltərənin “Lids” klubunun müdafiəçisi İsaak Şmidti də heyətinə qatıb. Bremen təmsilçisi 25 yaşlı isveçrəli futbolçunu 2026-cı ilin 30 iyununadək satınalma şərti ilə icarəyə götürüb.
İsaak Şimdt “Lids”ə 2024-cü ilin yayında “Sankt Qallen”dən 2,97 milyon avro müqabilində keçib. O, İngiltərə klubunun heyətində cəmi 14 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Lids”in belçikalı vingeri Larji Ramazani də İspaniyanın “Valensiya” klubuna keçib. Premyer Liqa təmsilçisi burundili futbolçusunu da 2026-cı ilin 30 iyununa qədər icarəyə verib. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Ramazani “Anderlext”in yetirməsidir. “Çarlton” və “Mançester Yunayted”də də olmuş futbolçu 2020-ci ildə azad agent kimi “Almeriya” ilə müqavilə bağlayıb. Belçikalı futbolçu bundan 4 il sonra 7,7 milyon avro müqabilində “Lids”ə satılıb. O, İngiltərə klubunun heyətində meydana çıxdığı 31 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


