Ukrayna millisinin və “Atalanta”nın hücumameyilli yarımmüdafiəçisi Viktor Kovalenko A Seriyasının digər təmsilçisi “Empoli”yə keçib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu 2023/2024 mövsümünün sonuna kimi icarədə olacaq.
Viktor Kovalenko “Atalanta”ya 2021-ci ilin fevralında Donetsk “Şaxtyor”undan 600 min avro qarşılığında keçib. Lakin o, A Seriyası təmsilçisində cəmi 1 oyuna çıxıb. Yarımmüdafiəçi əvvəlki mövsümlərdə “Spetsiya”da icarədə olub. Karyerasının böyük hissəsini yetirməsi olduğu “Şaxtyor”da keçirmiş futbolçu Ukrayna millisində də 33 oyuna çıxıb.
“Empoli” “Sampdoriya”nın sağ cinah müdafiəçisi Bartoş Bereşinskini də bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. 31 yaşlı polşalı futbolçu 2017-ci ildən “Sampdoriya”da çıxış edir. O, ötən mövsümü də “Napoli”də icarədə keçirib. Polşa yığmasında 53 oyun keçirmiş müdafiəçi “Lex” (Poznan), “Varta” (Poznan) və “Legiya” (Varşava) klublarının da formasını geyinib.
“Empoli” “Çezena”nın hücumçusu Stiven Şpendini də bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Albaniyanın U-21 yığmasının 20 yaşlı üzvü bu vaxta qədər yalnız “Çezena”nın uğurları üçün çalışıb.
“Spetsiya” və “Leççe”nin mərkəz yarımmüdafiəçiləri – Simone Bastoni ilə Yussef Maleh də “Empoli”yə keçiblər. Onlar da bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüblər.
Bastoni “Spetsiya”nın öz yetirməsidir. Amma 26 yaşlı futbolçu müxtəlif mövsümlərdə “Syena”, “Karrareze”, “Trapani”, “Novara” kimi klublarda da icarədə olub, İtaliyanın U-18 və U-19 yığmalarında oynayıb.
Maleh isə “Leççe”yə bu ilin yanvarında “Fiorentina”dan keçib. İtaliya vətəndaşlığına da malik mərakeşli futbolçu karyerası ərzində bu iki klubdan başqa “Çezena”, “Ravenna” və “Venesiya”nın da formasını geyinib. O, İtaliyanın U-21 yığmasında 5, Mərakeşin əsas millisində 1 oyun keçirib.
“Empoli”də 6 ayrılıq
“Empoli”də altı futbolçu ilə də yollar ayrılıb. 27 yaşlı şotland yarımmüdafiəçi Liam Henderson “Palermo”ya icarəyə verilib. İsveçrədən olan 27 yaşlı yarımmüdafiəçi Nikolas Haas da icarə əsasında “Lütsern”ə keçib. Komandanın sloveniyalı sağ cinah müdafiəçisi – 27 yaşl Petar Stoyanoviç isə “Sampdoriya”ya icarəyə verilib. Haas və Stoyanoviçin müqaviləsində satınalmaya dair şərt varsa, Henderson mövsüm bitən kimi “Empoli”yə qayıtmalıdır.
Yarımmüdafiəçilər Covanni Kroçata (26 yaş), Duçço İnnosenti (20 yaş) və sağ cinah müdafiəçisi Françesko Donati (22 yaş) isə eyni kluba – “Lekko”ya keçiblər. Kroçata sözügedən kluba birdəfəlik transfer olub. Digər iki oyunçu isə bu mövsümün sonuna kimi icarədə olacaq.
“Atalanta”da 3 ayrılıq, 1 yeni futbolçu
Viktor Kovalenkonu “Empoli”yə icarəyə verən “Atalanta”da daha üç ayrılıq qeydə alınıb. Sözügedən klub qambiyalı sağ cinah vingeri Ebrima Kollini “Yanq Boyz”a, mərkəz hücumçusu Roberto Pikkolini isə “Leççe”yə icarəyə verib. Hər iki futbolçunun müqaviləsində mövsümün sonuna kimi satınalmaya dair şərt var.
23 yaşlı Kolli daha öncə “Verona”, “Spetsiya” və “Fatih Karagümrük”də də icarədə olub. O, Qambiya yığmasında 9 oyun keçirib.
22 yaşlı Pikkoli də əvvəllər “Spetsiya”, “Cenoa”, “Verona” və “Empoli”də icarədə oynayıb. İtalyan forvard ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Atalanta”nın hücumçusu Salvatore Elia da “Spetsiya”ya keçib. 24 yaşlı italyan futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, daha öncə icarə əsasında “Yuve Stabiya”, “Peruca”, “Benevento” və “Palermo” kimi komandalarda oynayıb, İtaliyanın U-17 və U-18 yığmalarının şərəfini qoruyub.
Əvəzində “Spetsiya”nın sağ cinah müdafiəçisi Emil Holm da “Atalanta”ya keçib. Sözügedən klub 23 yaşlı isveçli futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. İsveç yığmasında 4 oyuna 1 qol da vurmuş Holm, karyerası ərzində “Göteborq” və “Sonderyuske”nin də formasını geyinib.


