Viktor Nelsson “Qalatasaray”dan ayrılmağı düşünür

Futbol üzrə Danimarka millisinin də üzvü olan mərkəz müdafiəçisi Viktor Nelsson Türkiyənin “Qalatasaray” klubundan ayrıla bilər.

Arena.az xəbər verir ki, bu mövsüm gözdən düşən və arxa plana atılan 25 yaşlı futbolçunun qışda İstanbul təmsilçisini tərk etməsi gözlənilir.

Türkiyə mətbuatının məlumatına görə, Nelssona gələcək transfer təkliflərini gözləyən “sarı-qırmızılar”, danimarkalı futbolçu üçün qiymətində endirimə getməyə də razıdırlar. Halbuki, İspaniyanın “Sevilya” klubu ötən mövsüm onun üçün 13 milyon avro ödəməyə hazır olduğunu bildirsə də, “Qalatasaray” çempionluqda pay sahibi olmuş Nelssonu satmaqdan imtina etmişdi. Danimarkalı müdafiəçinin müqaviləsində yazılan 25 milyon avroluq sərbəstqalma maddəsinə güvənən İstanbul klubu gözlədiyi təklifi ala bilmir.

Avropanın böyük liqalarına, xüsusən də İngiltərə Premyer Liqasına getmək arzusunda olan Nelssonun özü də artıq getməyi düşünməyə başlayıb. Bu da onun performansının aşağı düşməsinə səbəb olub. Həmçinin, Davinson Sançesin komandaya qatılması ilə birlikdə ehtiyatda qalmağa başlayan danimarkalı müdafiəçi oyun formasını itirib.

Klub rəhbərliyi yanvarda ayrılmağı düşünən Nelsson üçün 10 milyon avroluq transfer haqqını dərhal qəbul etməyə hazırdır. Davinson Sançesi 9,5 milyon avroya heyətinə qatan “Qalatasaray” bu qiymətdən yuxarı təkliflər gələrsə, Nelsonun gedişinə razılıq verəcək.

Viktor Nelsson bu mövsüm “Qalatasaray” forması ilə 18 oyunda iştirak edib. Keçirdiyi 18 oyunda danimarkalı müdafiəçi heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Onun İstanbul klubundakı karyerası bütövlükdə 98 oyun, 2 qol və 1 assistdən ibarətdir. O, Danimarka millisində də 10 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: