“Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen transfer şayiələrinə rəğmən, Neapol klubu ilə müqaviləsini yeniləməyə çox yaxındır.
Arena.az bu barədə jurnalist-insayder Nikolo Skiraya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 24 yaşlı Osimhenlə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub. Hücumçunun məvacibi bonuslar istisna olmaqla, artırılaraq illik 6,5 milyon avro təşkil edəcək. “Napoli” rəhbərliyi ilə Osimhen arasında görüş yaxın günlərdə baş tutacaq. Yeni sövdələşməyə əvvəllər bildirildiyi kimi, təzminatla bağlı bənd daxil edilər bilər.
Xatırladaq ki, tərəflər arasındakı cari müqavilənin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Geridə qalmış 2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub, 4 məhsuldar ötürmə verib. O, komandası ilə İtaliya çempionluğunu qazanmaqla yanaşı, 26 qolla turnirin ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.


