Moldova millisinin və “Zimbru”nun hücumameyilli yarımmüdafiəçisi Viktor Stina bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
28 yaşlı moldovalı futbolçu ilə mövsümün sonunadək nəzərdə tutulmuş 1 illik müqavilə imzalanıb. Stina Gəncə klubuna azad agent kimi qoşulub.
Son olaraq Moldovanın “Zimbru” klubunun formasını geyinmiş Viktor Stina bu komandanın heyətində 64 oyuna çıxıb, 9 qol vurub, 2 məhsuldar ötürmə verib.
Stina “Sfintul George”, “Astra”, “Milsami”, “Panserraikos”, AEL, “Bney Yehuda” (Təl-Əviv) kimi klubların da şərəfini qoruyub.
2022-ci ildən Moldova millisinin formasını geyinən 28 yaşlı yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi 30 oyunda 4 qol vurub, 3 məhsular ötürmə verib.
“Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa və Rafael Məhərrəmlini də heyətinə qatıb. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska klubla yeni müqavilə bağlayıblar. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.


