Daha əvvəl qadına cinsi təcavüzdə ittiham edilən, “Betis”in portuqal yarımmüdafiəçisi Vilyam Karvalyonun işinə xitam verilib.
Arena.az ABC dərgisinə istinadən məlumat verir ki, bu barədə Sevilya Əyalət Məhkəməsi hökm çıxarıb.
Mənbənin məlumatına görə, məhkəmə futbolçuya qarşı iddia qaldırmış qadının ittihamlarını “əsassız” hesab edib, həmçinin onun baş vermiş hadisələrlə bağlı mövqeyini polisin hərtərəfli araşdırmasından sonra iki məhkəmə orqanı tərəfindən təhlil edilən amillərlə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Qadın daha əvvəl 2023-cü ilin avqustunda Vilyam Karvalyo tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirmişdi. Hadisənin otel otağında baş verdiyi iddia edilirdi.
Vilyam Karvalyo Lissabon “Sportinq”inin yetirməsidir. Dayaq yarımmüdafiəçisi karyerası ərzində “Serkl Brügge” və “Betis” komandalarında çıxış edib.
Karvalyo “Betis”ə 2018-ci ilin iyulunda qoşulub. Yarımmüdafiəçi ispan klubuna 18,5 milyon avro müqabilində “Sportinq”dən transfer edilib. Karvalyonun “Betis”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqaliyalı “dayaqçı” “Betis”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb. O, bu komandada bütövlükdə 212 oyun keçirib, 11 qol və 16 məhsuldar ötürmə müəllifi olub.
Vilyam Karvalyonun qənimətlər muzeyində “Sportinq”lə qazandığı Portuqaliya Kuboku və Portuqaliya Liqa Kuboku, “Betis”lə qazandığı İspaniya Kral Kuboku var.
Karvalyo 2013-cü ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 80 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, Portuqaliya yığmasının əsas komandasına U-16 yığmasından U-21 yığmasınadək bütün komandalardan keçməklə gəlib. Vilyam Portuqaliya yığması ilə 2016-cı il Avropa çempionatının və 2019-cu il UEFA Millətlər Liqasının qalibi olub. Həmçinin yarımmüdafiəçi Portuqaliyanın U-17 yığması ilə 2009-cu il “Alqarve Beynəlxalq Turniri”nin qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


