“Real”ın braziliyalı hücumçusu Vinisius Junior İspaniya çempionatının oyunlarında irqçi davranışın fəsadlarından danışıb.
Arena.az “Madrid Universal” dərgisinə istinadən məlumat verir ki, Vinisius bu xüsusda özünün “X” sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb:
“Valensiyada baş verənlərə görə İspaniyanın irqçi ölkə olduğunu söylədim, amma buna qədər bütün digər səfər oyunlarında irqçilik məqamları ilə rastlaşmışam. Onlar heç vaxt bu barədə heç nə etməyiblər. Artıq, La Liqa ilə bəzi dəyişikliklər etmək barədə danışmışam ki, onlar bu xüsusda nəyisə dəyişsinlər. Mənə qulaq asmadılar. Onlar yalnız bütün dünya İspaniya haqqında danışmağa başlayandan məni dinlədilər. Bu, onların reaksiya göstərməsinə səbəb oldu”, – “Vinni” yazıb.
Xatırladaq ki, ötən mövsüm La Liqada “Valensiya” ilə səfər oyunundan sonra Vinisius Junior “yarasalar”ın azarkeşlərinin onu irqçilik zəminində təhqir etdiklərini bildirmişdi. Daha sonra braziliyalı ulduz İspaniyanın irqçi ölkə simasını təcəssüm etdirdiyini vurğulamışdı. Yalnız bundan sonra, sanki soyuq duş altına düşmüş kimi, İspaniyanın əlaqədar qurumları irqçiliyə qarşı mübarizə tədbirləri üzərində işləməyə başlayıblar.


