Braziliya millisinin və Madrid “Real”ının hücumçusu Vinisius Junior “Kral klubu” ilə müqaviləsini yeniləyəcək.
Arena.az bu barədə “Cadena Ser”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Vinisiusun “Real”la yeni müqaviləsi 5 illik müddətə nəzərdə tutulub. Yeni müqaviləyə 1 milyard avro məbləğində sərbəstburaxılma maddəsi daxildir. Vinisiusun “Qızıl top”u qazanacağı təqdirdə bonus alacağı da yeni müqavilədə əksini tapıb. Yeni müqavilənin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. O, 2018-ci ilin yayında “Real”a keçib.
2022/2023 mövsümündə Vinisius “Real”ın heyətində 55 oyun keçirib. O, bu oyunlarda 23 qol vurub, 21 məhsuldar ötürmə verib, komandası ilə İspaniya kubokunu qazanıb, La Liqanın gümüş mükafatçısı, İspaniya Super Kubokunun finalçısı olub.
“Transfermarkt” internet-portalı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.


