Vinisius Juniora qarşı irqi təhqirlərlə bağlı UEFA-ya şikayət

İspaniya La Liqası “Real”ın braziliyalı sol vingeri Vinisius Juniora qarşı irqi təhqirlər və təhdidlərlə bağlı UEFA-ya şikayət ünvanlayacaq.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

İspaniya La Liqasının şikayəti “Barselona” və Madird “Atletiko”sundandır. Belə ki, Vinisiusun heç bir aidiyyatı olmayan məqamda irqi zəmində təhqir edilməsi və ünvanına ölüm təhdidləri səslənməsi La Liqa rəhbərliyinin səbr kasasını daşdırıb.

Söhbət Çempionlar Liqasının 1/8 finalında “Barseona” – “Napoli” (1:1, 3:1) və “Atletiko” – “İnter” (0:1, 2:1, penaltilərlə: 3:2) cavab oyunları ərəfəsində baş vermiş xoşagəlməzliklərdən gedir.

Əvvəlcə, “Barselona” – “Napoli” oyunu ərəfəsində “blauqrana”n bir dəstə azarkeşi tribunlarda səslərini başlarına ataraq, aqressiv surətdə “Vinisius, öl”! şüarı səsləndirməklə, “Vinni”yə ölüm arzulamağa başlayıblar.

Növbəti gün, “Atletiko” – “İnter” oyunu ərəfəsində isə “döşəkçilər”in bir yığın azarkeşi “Vinisus – şimpanzedir” deyə səs-küy salıb braziliyalı futbolçunu məsxərəyə qoyublar.

Xatırladaq ki, Vinisius mütəmadi olaraq rəqib komandaların azarkeşləri tərəfindən irqi zəmində təhqirlərə məruz qalır. Daha əvvəl İspaniya La Liqası milli çempionatın 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) “yarasalar”ın yeniyetmə azarkeşinin Vinisiusa “meymun” deməsi ilə bağlı araşdırma başlatmışdı. La Liqa vurğulayır ki, öz evində öz fəsadlarını özü həll etməyi öhdəsini götürür. Amma UEFA-nın bayrağı altında beynəlxalq arenada baş vermiş müvafiq biabırçılıq müqabilində qitənin ali futbol qurmunu tədbir görməyə səsləyir.

“Real”ın baş məşqçisi Karlo Ançelottinin sözlərinə görə, Vinisius rəqib azarkeşlər tərəfindən ən çox təhqir edilən futbolçudur.

İspaniya La Liqasının müvafiq şikayəti ilə bağlı məsələdə qətiyyətli olacağı, təqsirkarların cəzalanmasına nail olana qədər geri durmayacağı, həmçinin UEFA-nın İntizam Komitəsinin isə bu xoşagəlməz hadisələr barədə ciddi tədbir görəcəyi vurğulanır.

Bu əsnada zərərçəkmiş Vinisius özünü “X” sosial şəbəkə hesabı üzərindən UEFA-ya səslənib:

“UEFA, Çempionlar Liqası, ümidvaram ki, onları cəzalandırmaq barədə düşünmüsünüz. Bu, hətta mənim olmadığım oyunlarda baş vermiş kədərli gerçəklikdir!” – braziliyalı ulduz dərc edib.
Vurğulayaq ki, son vaxtlar Avropa futbolunda irqi zəmində təhqirlərin təzahürü halları artıb. Görünür, UEFA sərt cəzalar tətbiq etməyincə, bu biabırçılığın qarşısını almaq mümkün olmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: