Niderland millisinin və İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil van Deyk Premyer Liqa təmsilçisinin yeni kapitanı seçilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qırmızılar”ın yeni kapitanı yeni təyinatla bağlı klubun rəsmi saytına bunları açıqlayıb: “Bu, mənim, həyat yoldaşım, uşaqlarım, ailəm üçün həqiqətən böyük gündür. Bu, özəl bir duyğu idi və hazırda onu təsvir edə bilmirəm. Amma bu mənim çox, çox qürur duyduğum bir şeydir”.

Xatırladaq ki, Vircil Van Deyk 2018-ci ilin yanvarında “Sauthempton”dan 84,65 milyon avro qarşılığında Mersisayd klubuna keçib. 32 yaşlı futbolçu Premyer Liqa nəhənginin heyətində indiyə qədər 222 oyun keçirib, 19 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Bu müddət ərzində 32 yaşlı müdafiəçi “Liverpul”un İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası, İngiltərə Federasiya Kuboku, İngiltərə Liqa Kuboku, UEFA Super Kuboku, Klublararası Dünya Kuboku və İngiltərə Super Kubokunu qazanmasına töhfə verib.
Van Deyk formasını geyindiyi Niderland yığmasının da kapitanıdır. O, millidə 57 oyun keçirib, 6 qol vurub.
Komandanın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold isə vitse-kapitan təyin olunub. İngiltərə millisinin üzvü “Liverpul”un öz yetirməsidir. O, 2016-cı ildən klubun əsas komandasında çıxış edir. 24 yaşlı futbolçu bu komandada 273 oyun keçirib, 16 qol və 72 məhsuldar ötümə ilə yadda qalıb. Arnold İngiltərə milli komandasında da 20 oyun keçirib, 2 qolla yadda qalıb.

Sonda onu da xatırladaq ki, “Liverpul”un son illərdəki kapitanı Cordan Henderson idi. 33 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə 14 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.