Vitali Borisov millimizin debütantlarından razı qalıb

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov bu gün Çexiya yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Zlin şəhərində təlim-məşq toplanışında olan futzal yığmamız çexlərlə ilk sınaq matçından 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Vitali Borisov qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi.

Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar Zeynalov bir qədər fərqli oyunçudur. O, “stolb” kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə Əmirovla Fərid Abbbasov verdiyim tapşırıqları yerinə yetirdilər”.

Qeyd edək ki, sabah – sentyabrın 20-də Çexiya və Azərbaycan yığmaları arasında daha bir sınaq matçı keçiriləcək. Qarşılaşmaya yenə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.