“Betis”də icarə əsasında çıxış edən, “Barselona”nın braziliyalı gənc mərkəz hücumçusu Vitor Roke “blaqrana”dan narazılığını ifadə edib.
Arena.az xəbər verir ki, o, “Betis”ə icarəyə yollanmasını “Barselona”da yaşadıqları ilə əsaslandırıb:
“Bu, düşündüyümdən bir azacıq daha çətin idi. Bəzi imkanlarım vardı, amma mənə veriləcəyini düşündüyüm qədər deyil. Soyuq başla qalıram. Hazırda bütün diqqətimi “Betis”ə yönəltmişəm.
Düşünürdüm ki, “Barselona”da həm tibbi, həm də oyun, idarəetmə və mənimlə ünsiyyət tərzi baxımından hər xüsus fərqli olacaq. Amma indi hər şey arxada qalıb, şadam ki, “Betis”də oynamaq fürsəti əldə etdim”.
Roke psixoloji durumundan da danışıb: “Bacardıqca psixologiyam üzərində işləməyə çalışıram. Ancaq bu, bəzən çətin ola bilər. Çətindir. Bəzən jurnalistlərin özləri də bunu başa düşmürlər. Əgər oyunçu yaxşı deyilsə, onu mühakimə edəcəklər, davranışının arxasındakı bütün xüsusları isə görməyəcəklər. Amma indi mən sakitəm. Bu, ən vacib məqamdır. Bütün diqqətimi “Betis”ə yönəltmişəm”.
Xatırladaq ki, “Betis” Vitor Rokeni 2024/2025-ci illər mövsümünün sonuna qədər müddətə icarə götürüb. İcarə müqaviləsindəki maddə fubolçunu sonradan satın almaq hüququnu “Betis”ə təqdim edir.
“Barselona” Vitor Rokeni 40 milyon avro məbləğ müqabilində “Atletiko Paranaense”dən transfer edib. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Barselona” gənc istedadın təzminat haqqını 500 milyon avro məbləğində təyin edib ki, bu da fantastik bir məbləğdir.
Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,7 milyon avro məbləğ müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Roke “Barselona”nın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 2 qol vurub. Cari mövsümdə isə o, “Betis”də 1 oyun keçirib.
Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.


