Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç dünya çempionatının qrup mərhələsində İordaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunun oyunu Əlcəzairin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Vladimir Petkoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu matçda qələbəyə layiq idik və bu nəticə, şübhəsiz ki, növbəti oyun öncəsi bizə əlavə inam verəcək”, – deyə Petkoviç bildirib.
Mütəxəssis qeyd edib ki, komandasının müdafiədə buraxdığı səhv nəticəsində İordaniya ilk hissədə hesabı açmağa nail olub.
“İordaniya birlik nümayiş etdirən, döyüşkən komandadır və dünya çempionatında iştirak etməyə tam layiqdir. Bizim üçün bu görüşdə qalib gəlmək, pley-off şanslarımızı qorumaq və taleyimizi öz əlimizə almaq çox vacib idi. Hələ heç nə həll olunmayıb, amma hazırda yaxşı mövqedəyik”, – deyə Petkoviç əlavə edib.
İordaniya millisinin baş məşqçisi Camal Sellami isə Əlcəzairə 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib:
“Əlcəzair yığması bir neçə əvəzetmə etdi və məhz onlar oyunun taleyində həlledici rol oynadılar. Onların çox hündürboy hücumçusu var idi. Düşünürəm ki, təcrübəsizlik səbəbindən iki künc zərbəsindən qol buraxdıq.
Ümumilikdə əla oyun keçirdik və çıxışımızla fəxr edə bilərik. Bu, dünya çempionatındakı ilk təcrübəmizdir və hesab edirəm ki, ilk matçla müqayisədə daha yaxşı oynadıq”.
Sellami növbəti rəqib Argentina ilə qarşılaşma barədə də danışıb.
“İndi bizi Argentina ilə oyun gözləyir. Bu, bizim üçün bir fürsətdir – özümüzü ən yaxşı tərəfdən göstərmək və İordaniya futboluna layiq iz qoymaq imkanıdır”, – deyə mütəxəssis vurğulayıb.


