Voleybol millilərimiz Rumıniya və Belçikaya da uduzdular

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandası bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız Rumıniyada təşkil olunmuş 2-ci turun ilk matçında yerli komanda ilə qarşılaşıb.

Rumıniya kollektivi ilə oyun yığmamız üçün uğursuz alınıb. Belə ki, voleybolçularımız görüşdən 0:3 (19:25, 15:25,10:25) hesabı ilə məğlub ayrılıblar.

Xatırladaq ki, voleybol yığmamız daha əvvəl Xorvatiyada keçirilmiş ilk mərhələdə meydan sahibləri üzərində (3:0) qələbə qazansa da, Slovakiyaya (0:3) məğlub olmuşdu.

Azərbaycan millisi Rumıniyadakı digər oyununu sabah İsveç yığmasına qarşı keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

Yeri gəlmişkən, bu gün kişilərdən ibarət yığma komandamız da 2-ci turun ilk görüşündə Belçikanın qonağı olub. Fərid Cəlalovun rəhbərlik etdiyi millimiz növbəti məğlubiyyətinə üzülüb – 0:3 (19:25, 16:25, 17:25).

Xatırladaq ki, kişilərdən ibarət millimiz Bakıda təşkil olunan 1-ci turda da Rumıniya və Ukraynaya eyni hesabla yenilmişdi – 0:3.

Sabah Azərbaycan yığmasını Belçikada Şimali Makedoniya kollektivi ilə görüş gözləyir. Bu oyuna isə saat 17:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: