Voleybol millimiz Belçika yığmasına Bakıda uduzdu

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, B qrupunda yer alan Fərid Cəlalovun yetirmələri ikinci görüşünü bu gün Bakıda Belçika yığmasına qarşı keçirib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş görüşə qonaqlar üstün başlayıblar. Təşəbbüsü sonadək qoruyan rəqib komanda meydandan quru hesablı qələbə ilə ayrılıb. Beləliklə, yığmamız yarışdakı ikinci matçında da 0:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, millimiz avqustun 17-də səfərdə baş tutan ilk sınağında Avstriya yığmasına da eyni hesabla uduzmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparır. Yarışın formatına uyğun olaraq, komandaların digər iki qarşılaşması 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

AÇ-2026-nın təsnifat mərhələsi
B qrupu
24 avqust

Azərbaycan – Belçika 0:3 (17:25, 12:25, 19:25)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: