Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının Gümüş Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Fərid Cəlalov, köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilovla birlikdə 12 voleybolçuya şans verəcək.
Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov;
Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov;
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou;
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.
Qeyd edək ki, Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq. Komandamız bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb. Yığmamız yarışdakı ilk matçını iyunun 6-da ev sahibi İsveç seçməsinə qarşı keçirəcək. Komandamızın növbəti qarşılaşması iyunun 7-də baş tutacaq. Həmin gün rəqib Gürcüstan kollektivi olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı ikinci tur oyunları 13-15 iyun aralığında Bakıda, üçüncü tur isə 20-22 iyun aralığında Farer adalarında təşkil olunacaq.



