Azərbaycanın voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandaları bu gün Qızıl Avropa Liqasında növbəti görüşlərini keçiriblər.
Arena.az xəbər verir ki, qadınlardan ibarət millimiz doğma meydanda Estoniya yığmasıyla qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutan matç millimiz üçün uğurlu alınıb. Qarşılaşmaya daha üstün başlayan Faiq Qarayevin yetirmələri təşəbbüsü sonadək qoruyublar və meydandan 3:0 (25:21, 25:12, 25:20) hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 2-də saat 17:00-da keçirəcək. Rəqibimiz Avstriya yığması olacaq. Sabah isə Estoniya və Avstriya yığmaları qarşılaşacaqlar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq oyuna saat 18:00-da start veriləcək.
Kişi voleybolçularımız da bu gün Estoniya yığmasıyla qarşılaşıblar. Lakin bu komandalar Bakıda yox, Estoniyada üz-üzə gəliblər. 3-cü turun ilk qarşılaşması komandamızın növbəti məğlubiyyəti ilə yekunlaşıb. Rəqibin üstünlüyü ilə keçən matçda Fərid Cəlalovun yetirmələri 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə məğlub olublar.
Qeyd edək ki, millimiz növbəti oyununu sabah Lüksemburq komandasına qarşı keçirəcək.
Xatırladaq ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olmuşdu. Kişilərdən ibarət milli isə bundan əvvəlki qarşılşamalarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olmuşdu. Kişi voleybolçular iyunun 1-də Lüksemburqla qarşılşacaq. Həm qadın, həm də kişi yığmalar arasında ən yaxşı 4 komanda “Dördlər finalı”na yüksələcək.


