Bu gün voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023/2024-cü illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, Bakı İdman Sarayında Yüksək Liqaların təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev və digər qonaqlar iştirak ediblər.
Tədbir çempionatda mübarizə aparacaq bütün komandaların paradı ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Aleksandr Boriçiç və Şahin Bağırov çıxış edərək hər kəsi salamlayıblar. Onlar bütün komandalara uğurlar arzulayıblar. AVF rəhbəri ölkə çempionatını açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca veteran voleybolçumuz, olimpiya və dünya çempionu İnna Rıskalın çempionatın açılışı ilə bağlı video təbriki nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Birinciliyin rəsmi açılış mərasimindən sonra mövsümün açılış matçı da baş tutub. İlk oyunda ötən mövsümün çempionu “Azərreyl” və kubokun sahibi “Abşeron” klubları üz-üzə gəliblər. Çempion bu oyunda 1:3 (25:27, 25:23, 16:25, 20:25) hesabıyla məğlub olub. Növbəti matçlar isə noyabrın 7-də Voleybol Mərkəzində baş tutacaq. Həmin gün ilk olaraq saat 15:00-da “Milli Aviasiya Akademiyası” və UNEC kollektivləri meydana çıxacaqlar. Günün növbəti görüşü “Gəncə” və “Murov Az Terminal” klubları arasında olacaq. 5-ci tur çərçivəsində baş tutacaq bu oyunlar mərkəzi oyun olaraq müəyyənləşdirildiyi üçün daha əvvəl keçiriləcək.


