“Volfsburq” 8 milyonluq 2 futbolçu transfer etdi

Almaniyanın “Volfsburq” klubu heyətini iki yeni futbolçu – yarımmüdafiəçi Vatslav Çernı və müdafiəçi Morits Yenslə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Çernı Niderlandın “Tvente”, Yens isə Fransanın “Loryan” klubundan transfer olunub. Almanlar hər iki futbolçunun transferi üçün 8 milyon avro ödəyiblər. Hər iki oyunçu ilə də 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Vatslav Çernı 2021-ci ilin iyul ayından “Tvente”də çıxış edirdi. Klub çex vingeri həmin vaxt “Utrext”dən cəmi 1 milyon avroya transfer etmişdi. 25 yaşlı futbolçu “Tvente”də 78 oyun keçirib, 22 qol və 21 assistlə yadda qalıb. O, “Utrext”dən öncə yetirməsi olduğu “Ayaks”da da forma getinib. Yarımmüdafiəçi Çexiya milli komandasında da 10 oyun keçirib, 4 qola imza atıb.

Morits Yens də 2021-ci ildən “Loryan”da çıxış edirdi. Almaniyadan olan mərkəz müdafiəçisi bu komandada cəmi 18 oyuna çıxıb, 1 qola imza atıb. O, ötən mövsüm həm Şotlandiya “Seltik”ində, həm də “Şalke”də icarədə olub. Futbolçu daha öncə “Lozanna-Sport”un da formasını geyinib.

Xatırladaq ki, “Volfsburq” daha öncə İsveçrənin “Yanq Boyz” klubundan Sedrik Sezigeri də heyətinə qatmışdı. İsveçrə yığmasının da üzvü olan 25 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalandığı açıqlanmışdı. Daha öncə “Ksamaks” və “Qrasshopper”də də oynamış futbolçu, ölkəsinin milli komandasında da 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: