İngiltərənin “Vulverhempton” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Xulen Lopeteqi çalışdıracaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 56 yaşlı mütəxəssisin yeni işinə DÇ-2022 ilə əlaqədar veriləcək fasilə zamanı, noyabrın 14-dən etibarən başlayacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, “Vulverhempton”da əvvəlki baş məşqçi Bruno Laqe oktyabrın əvvəlində istefaya göndərilmişdi. Həmin dövrdən bəri komandaya müvəqqəti olaraq Stiv Deyvis rəhbərlik edir. Fasiləyə qədərki oyunlarda da komandaya məhz o rəhbərlik edəcək.
Bu komanda İngiltərə Premyer Liqasında 13 turdan sonra cəmi 10 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Xulen Lopeteqi daha əvvəl “Portu”, “Real”, “Sevilya” və İspaniya millisində çalışıb. O, İspaniyanın U-19 və U-21 yığmalarını Avropa çempionu edib. 2020-ci ildə isə ispaniyalı məşqçi “Sevilya” ilə Avropa Liqasının qalibi olub.


