İngiltərənin “Vulverhempton” klubunun hücumçusu San Bin Çon ABŞ-ın “Minnesota Yunayted” komandasına transfer olunub. Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Cənubi Koreyadan olan 20 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Transferin digər detalları açıqlanmayıb. Amma ABŞ mətbuatı Minnesota təmsilçisinin bu keçidə görə Premyer Liqa klubuna 2.5 milyon avro ödədiyini yazır.
Xatırladaq ki, San Bin Çon İngiltərə təmsilçisinə 2022-ci ilin yanvarında Cənubi Koreyanın “Suvon Samsunq Bluyuinqz” klubundan 1.2 milyon avro qarşılığında transfer olunmuşdu. O, İngiltərə klubunun əsas komandasında debüt şansı qazanmayıb. Əvəzində o, İsveçrənin “Qrasshopper” klubuna icarəyə verilmişdi. Gənc hücumçu bu klubun əsas komandasının heyətində 15 matça çıxıb, U-21-də isə 4 oyuna 2 qol vurub. Çon Cənubi Koreyanın əsas millisində də 1 oyun keçirib və debütündəcə 1 qola imza atıb.
Sonda onu da xatırladaq ki, “Qrasshopper”də Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da forma geyinir. 23 yaşlı forvard da İsveçrə klubuna 2022-ci ilin yayında məhz “Vulverhempton”dan transfer olunub.


