Futbol üzrə Azərbaycan milli komandasının cinah hücumçusu Vüsal İsgəndərli Kosovo klubu “Malişeva”nın heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Şotlandiyanın “Hibernian” kollektivi ilə üz-üzə gəlib.
“Malişeva” bu rəqiblə doğma meydanda baş tutmuş ilk oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Vüsal bu görüşün start heyətində yer alıb və 72-ci dəqiqədə, hesab 1:0 olarkən əvəzlənib.
Bu komandalar arasındakı cavab qarşılaşması gələn həftə Şotlandiyada baş tutacaq.
Xatırladaq ki, Vüsal İsgəndərli “Malişeva”ya bu yay qoşulub. O, Kosovo klubunun heyətində 3 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Millimizin futbolçusu daha öncə Albaniyanın “Partizani”, “Eqnatiya”,
“Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.


