Xabi Alonso “Bayer”in məğlubiyyətsiz mövsümündən danışdı

“Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın Bundesliqada bu mövsüm məğlubiyyətsiz qazandığı qalibiyyəti şərh edib.

Arena.az “Bild” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz bu günləri uzun müddət xatırlayacağıq. Bu çempionat hər kəs üçün xüsusidir. Qələbə tam layiqli idi və yekunda məğlubiyyətsiz olduq. “Verder”lə oyunundan sonra məqsədimiz bu idi və mən komanda ilə fəxr edirəm. Azarkeşlərin bayram edə bilməsinə çox şadam.

Bu, klub üçün, burada olan hər kəs üçün vacib bir gündür. Əldə etdiyimiz məqamla və oynadığımız tərzlə fəxr edə bilərik. 90 xal, bir məğlubiyyət belə, yox – bunu dərk etmək üçün bizə azacıq daha vaxt gərək olacaq.

İstəyirəm ki, futbolçular bu andan həzz alsınlar, çünki onlar buna layiqdirlər. Avqustda “Leypsiq”lə ilk oyundan indiyə qədər onlar həmişə yaxşı hazırlaşıblar, diqqətlərini cəmləyiblər və heç bir oyununu pis keçirməyiblər.

Bu, Bundesliqada ilk dəfə baş verib. Bu komanda Bundesliqa tarixinə qızıl hərflərlə yazılacaq”, deyə Xabi Alonso məmnunluqla bildirib.

Xatırladaq ki “Bayer” nəinki Bundesliada, ümumiyyətlə cari mövsümdə məğlubiyyət tanımır. “Əczaçılar”ı qarşıda Avropa Liqası çərçivəsində “Atalanta” (22 may) və Almaniya Kuboku çərçivəsində “Kayzerslautern”lə (25 may) final oyunları gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: