Xabi Alonso Florian Virtsin zədəsindən danışdı

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Kubokunda “Paderborn”la oyunda (3:1) zədələnmiş Florian Virtsin zədəsi haqda danışıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz narahatıq. Ayaq biləyinin şişməsinin necə inkişaf etdiyini gözləmək və görmək lazımdır.

Ən yaxşısına ümid edirik ki, o, dekabrın 10-da “Ştutqart”a qarşı oynaya bilsin. Görəcəyik, amma hələ ki, mənfi təxminlər üçün heç bir səbəb yoxdur”, deyə Xabi Alonso ümidlə bildirib.

Xatırladaq ki, həmin oyunda Virts 44-cü dəqiqədə zədələnib və fasilədə məcburiyyətdən əvəz edilib.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Virts “əczaçılar”ın heyətində 20 oyuna çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürmə verib.

Florian Virts 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 14 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib. Florian Almaniyanın U-21 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı Florian Virtsi 85 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Virts Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: