“Bayer”in ispan baş məşqçisi Xabi Alonso Madrid “Real”ına rəhbərlik edən italyan mütəxəssis Karlo Ançelotti haqqında fikirlərini paylaşıb.
Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir:
“Karlo Ançelotti bütün məşqçilərin ustadıdır. Futbolçuları idarə etmək baxımından o, böyük peşəkardır. Futbolçu ilə yaxşı münasibət qurmaq və ya onu nəyəsə inandırmaq məsələsində Ançelotti ən yaxşı məşqçidir”, deyə Xabi keçmiş məşqçisi haqda təriflə danışıb.
Xatırladaq ki, Xabi Alonso futbolçu ikən, 2013/2014 mövsümündə italyan mütəxəssisin “Real”ı çalışdırdığı dövrdə Karlo Ançelottinin rəhbərliyi altında çıxış edib. Xabi Alonso Ançelotti ilə birlikdə Çempionlar Liqasının, eləcə də İspaniya Kral Kubokunun qalibi olub.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. Futbol ölçüləri ilə gənc sayıla biləcək çalışdırıcının Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan mütəxəssisin rəhbərliyi altında “əczaçılar” ötən mövsüm Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar.
Cari mövsümdə Xabi “Bayer”i 18 oyuna çıxarıb, 17 qləbə qazanıb, 1 heç-heçə edib. Alonsonun “əczaçılar”ın sükanı arxasında ümumi statistikası isə belədir: 55 oyun, 34 qələbə, 11 heç-heçə, 10 məğlubiyyət, fop fərqi isə 131:63 nisbətindədir.
Hazırda Xabi Alonsonun “əczaçılar”ı Bundesliqanın 12 turundan sonra 34 xalla turnir cədvəlinə başçılaq edirlər.
“Bayer” 42 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.


