“Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın 2024/2025-ci illər mövsümündə çempionluq imkanlarını qiymətləndirib.
Arena.az “Kicker” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Məncə, may ayında baş verəcəklər barədə danışmağın mənası yoxdur. Söhbət indi avqustda nə olacağından gedir. Nə qədər yaxşı başlasaq, bir o qədər yaxşı bitirə bilərik.
Bizim bünövrəmiz qoyulub, amma yəqin ki, bu, kifayət etməyəcək. Nəsə əlavə etməliyik, yeniləmək gərəkdir. Ötən mövsümün səviyyəsi yəqin ki, kifayət etməyəcək. Biz inkişaf etməliyik və daha yaxşı olmalıyıq”, deyə Xabi Alonso vurğulayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” ən yaxın izləyicisi “Ştutqart”ı 17 xal qabaqlayaraq erkən surətdə Almaniya Bundesliqasının qalibi olub.
“Bayer” Bundesliqada ötən bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atmışdılar.
Həmçinin Xabi Alonsonun “Bayer”i cari mövsümdə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.


