Xabi Alonso “Real”a mümkün keçidi ilə bağlı sualı cavabladı

Leverkuzen “Bayer”inin baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso “Real”a mümkün keçidi ilə bağlı şayiələri cavablayıb.

Arena.az “Bulinews” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Mən heç bir qərar qəbul etməmişəm. Bəli, mən ötən həftə İspaniyada olmuşam, amma kimsə ilə söhbət aparmamışam. Son vaxt müddəti yoxdur. Mən əvvəlki kimi cari mövsümə köklənmişəm, biz mövsümün açar mərhələsindəyik”, deyə Alonso vurğulayıb.

Xatırladaq ki, “Real”ın Xabi Alonsonun xidmətndə maraqlı olduğu və “qaymaqlılar”ın hazırkı baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottidən sonra Madrid komandasının sükanı arxasında məhz ispan mütəxəssisi görmək istədiyi vurğulanır.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.

Həmçinin Xabi Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

2024/2025-ci illər mövsümündə Xabi Alonso “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.

Xabi Alonso “Bayer”i ümumilikdə 131 oyuna çıxarıb, 86 qələbə, 28 heç-heçə, 17 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 301:143 nisbətindədir.

26 oyundan 56 xal toplamış “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: