“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun Ukrayna “Şaxtyor”u ilə oyununa (2:1) yekun vurub.
Arena.az AS dərgisinə istinadən Xavinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Oyunun sonunda özümüz özümüzü çətin vəziyyətə saldıq. Yüksək təpgimiz xoşuma gəldi. Qola qədər yaxşı oynadıq, sonra bizə rahat qələbə qazandıracaq üçüncü qolu vaxtında vurmamağımızın əvəzini ödədik. Ümumilikdə komandamız yaxşı oyun keçirdi.
Fermin Lopes üçün çox şadam. O, çox çalışır, lazımi bacarıqlara malikdir və bizə çox kömək edir. Şəxsən mənim xoşuma gəlir. Onun şənbə günü “Real”a qarşı oynayıb-oynamayacağına baxarıq. O, bizim üçün vacib oyunçuya çevrilir, qollar vurur.
Joao Feliksin zədəsi? Daha çox qançır kimi görünür. Mənə belə dedilər. Narahat olmağa heç bir əsas yoxdur. Ümid edək ki, heç bir təhlükə yoxdur və o, “Real”a qarşı oynaya biləcək.
Düşünürəm ki, “Real”la oyun həmişə olduğu kimi, çətin olacaq. “Real” güclüdür, bu komanda yaxşı formadadır, nəyisə təxmin etmək çətindir. Bu oyunda imkanlar bərabərdir”, deyə Xavi əlavə edib.
“Şaxtyor” üzərində qələbə “Barselona”ya 9 xalla “H” qrupunda mütləq liderliyi təmin etməyə imkan verib. “Portu” 6 xalla 2-ci, “Şaxtyor” 3 xalla 3-cü yerdə qərarlaşıb. Xalsız “Antverpen” isə qrupun aşkar “qapazaltı”sıdır.


