Almaniyanın “Leypsiq” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Premyer Liqa təmsilçisi bu transfer üçün “Leypsiq”ə 65 milyon avro ödəyib. 21 yaşlı futbolçu London klubu ilə 5+2 illik müqavilə imzalayıb.
Hücumameylli yarımmüdafiəçi Xavi Simons futbola “Tader” klubunda qədəm qoyub, ardınca “Barselona”nın futbol akademiyasına yol tapıb, daha sonra PSJ-nin futbol akademiyasına keçib və Fransa nəhənginin heyətində böyük futbolda debüt edib.
2022-ci ilin iyulunda azad agent qismində PSV-yə keçmiş Xavi Simonsu PSJ 2023-cü ilin iyulunda satın alaraq, öz heyətinə qaytarıb.
2023/2024-cü illər mövsümünü Simons “Leypsiq”də icarədə keçirib. Niderlandlı gənc yarımmüdafiəçi alman “öküzlər”inin heyətində bütün yarışlarda 43 oyun keçirib, 10 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib. Bu üzdən Bundesliqa təmsilçisi onu növbəti mövsümün əvvəlində yenidən icarəyə götürüb. 2024-cü ilin yayında isə sözügedən klub 50 milyon avro müqabilində Simonsun transfer hüquqlarını da alıb. Niderlandlı futbolçunun “Leypsiq”in heyətindəki ümumi statistikası belədir: 78 oyun, 18 qol, 20 məhsuldar ötürmə.
Xavi Simons 2022-ci ilin dekabrında debüt etdiyi Niderland yığmasının heyətində 28 oyun keçirib, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.
Xavi Simonsun qənimətlər muzeyində PSJ ilə qazandığı Fransa çempionluğu və Fransa Kuboku, PSV ilə qazandığı Niderland Kuboku və Niderland Super Kuboku, “Leypsiq”lə qazandığı Almaniya Super Kuboku var.
Fərdi uğurlara gəlincə, Xavi Simons 2022/2023-cü illər mövsümündə Niderland çempionatında 19 qolla ən sərrast futbolçu olub və 2023-cü il üçün Niderlandda mövsümün oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.






