“Barselona”nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqasının 1/4 finalında PSJ-yə məğlubiyyətinə dair bir daha təhlillə çıxış edib.
Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz həm birinci, həm də ikinci oyunda PSJ-dən daha yaxşı idik. Ronald Arauxo meydandan qovulduqdan sonra daha çox mübarizə aparmalıydıq. Amma bu, prosesin bir hissəsidir. Qazanmaq, qazanmaq, qazanmaq çox çətindir. Biz, heyət və oyunçular çox şey öyrəndik və gələn mövsüm daha yaxşı mübarizə apara biləcəyik”, deyə Kataloniya təmsilçisinin çalışdırıcısı vurğulayıb.
Xatırladaq ki, Parisdəki ilk oyunda 3:2 hesabı ilə qalib gəlmiş “blauqrana”da doğma meydanda 1:4 hesabı ilə məğlub olaraq, UEFA Çempionlar Liqasında mübarizəsinə xitam verib.
Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 137 oyun keçirib. “Blauqrana” bu oyunlarda 86 qələbə qazanıb, 23 heç-heçə edib və 28 məğlubiyyətə üzülüb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 33 turundan sonra 73 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 84 xala malik Madrid “Real”ı başçılıq edir.
Cari mövsümdə Xavinin “Barselona”sı bütün yarışlarda mübarizəsinə xitam verib və La Liqanın “gümüş”ü hazırda “blauqrana”nın yeganə təsəllisidir ki, kollektiv bunun uğrunda hələ mübarizə aparmalıdır.


