Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas Madrid “Real”ının onun istefasını tələb edən bəyanatına cavab verib.
Arena.az xəbər verir ki, Tebas sosial şəbəkələrdə yaydığı geniş açıqlamada Madrid klubunun ittihamlarını cavablandırıb.
“Real” rəhbərliyi La Liqa prezidentini vəzifəsindən istifadə edərək kluba qarşı mütəmadi hücumlar etməkdə ittiham edib və rəhbərliyin dəyişdirilməsini tələb edib.
Tərəflər arasında münaqişə Tebasın “Real”ın İspaniya hakimlərinin komandaya qarşı qərəzli davrandığı barədə ritorikasını tənqid etməsindən sonra daha da kəskinləşib.
Tebas Madrid klubunun bəyanatında yalnız bir fikirlə razılaşdığını bildirib:
“Real”ın bəyanatını diqqətlə oxudum və yalnız bir fikirlə tamamilə razıyam: La Liqa prezidenti onun sahibi deyil. Lakin “Real”ın prezidenti də La Liqanın sahibi deyil. Bütün iştirakçıların maraqlarını təmsil etmək onların arasında bərabərliyi və ədaləti qorumaq deməkdir. O cümlədən La Liqanın “Real” olmadan heç bir dəyərinin olmadığı və ya hakimlərin onları “qidalandıran biznesə” qəsdən zərər vurduğu barədə fikirlər səsləndirilən zaman da”.
Xavyer Tebas “Real”ın öz klub televiziyası və media resursları vasitəsilə hakimliklə bağlı tənqidləri yaydığını bildirib:
“İndi isə əvvəlcə “müstəqil” jurnalistə cavab verdiyim faktının arxasında gizlənməyə çalışırlar. Bu yanaşma yeni deyil. İllərdir “Real Madrid TV” və onların media ruporları vasitəsilə La Liqada nəticələrin saxtalaşdırıldığı deyilir. Xahiş edirəm, klub televiziyanız və daxili strukturlarınız vasitəsilə gündəlik olaraq dəstəklədiyiniz ritorikanı başqasının fikri kimi təqdim etməyə çalışmayın”.
La Liqa prezidenti hakimlərin “Real”a qarşı sistemli şəkildə hərəkət etməsi ilə bağlı ittihamları rədd etdiyini vurğulayıb:
“Məndən yarışımızın qərəzsizliyinə inamın gücləndirilməsinə kömək etməyim tələb olunur. Məhz buna görə hakimlərin sistemli şəkildə “Real”ın maraqlarına qarşı hərəkət etməsi barədə ittihamları qəti şəkildə rədd edirəm. Konkret hakim qərarını tənqid etmək istənilən klubun tam qanuni hüququdur. Lakin hər mübahisəli epizodu və ya səhvi sui-qəsd və təqib nəzəriyyəsinin sarsılmaz sübutuna çevirmək tamam başqa məsələdir. Belə yanaşma turnirə inamı gücləndirir, yoxsa bütün İspaniya futbolunun imicinə zərər vurur?”
“Heç kimə tabe deyiləm”
Xavyer Tebas “Real”ın neytrallıq və müstəqillik anlayışlarını qarışdırdığını deyib:
“Madriddə neytrallıqla müstəqillik anlayışlarını açıq şəkildə qarışdırırlar. Əgər neytrallıq dedikdə “mənim daxmam kənardadır” yanaşmasını, yəni nəyin doğru, nəyin yanlış olduğunu belə ayırd edə bilməməyi nəzərdə tuturlarsa, faktiki olaraq məndən birbaşa vəzifə öhdəliklərimdən imtina etməyimi tələb edirlər. Həqiqi müstəqillik əsas qərarları heç bir kənar təzyiq və tabelik olmadan, öz peşəkar meyarlarına əsaslanaraq qəbul etməyi tələb edir. Bu, istisnasız olaraq hamıya eyni qaydaları tətbiq etmək və ümumi maraqları qətiyyətlə qorumaq deməkdir. Bəli, bu, “Real”ın heç də xoşuna gəlməyən mövqe tutmaq anlamına da gələ bilər”.
Tebas yekunda bildirib ki, La Liqanın maraqlarını qorumaq heç bir klubun mövqeyini kor-koranə qəbul etmək demək deyil:
“Təşkilatın maraqlarını qorumaq onun daxili ritorikasını kor-koranə qəbul etmək demək deyil. Hamını təmsil etmək isə ən güclü olana qeyd-şərtsiz tabe olmaq deyil. Bütün çempionatın, La Liqanın maraqlarını qorumaq lazımdır. Bir daha deyirəm, mən La Liqanın sahibi deyiləm və onu konkret bir klubun mülküymüş kimi idarə etmək niyyətində deyiləm. Mən hər kəsə səmimi hörmətlə yanaşıram, amma heç kimə tabe deyiləm”.


