İspan sol cinah müdafiəçisi Xonni Otto “Vulverhempton”dan ayrılaraq azad agentə çevrilib və hazırda yeni klub axtarışındadır.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər arasında müqaviləyə yanvarın 26-da qarşılıqlı razılıq əsasında xitam verilib.
Xonni Otto “Selta”nın yetirməsidir. Otto elə, “Selta” ilə də böyük futbola gəlib və buradan Madrid “Atletiko”suna keçib. Amma “Atletiko” Ottonun xidmətindən istifadə etməyib və müdafiəçini “Vulverhempton”a icarəyə göndərib, sonra isə tamhüquqlu əsasda elə, “canavarlar”a da satıb.
Cari mövsümün ilk yarısında Otto “Vulverhempton”un heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyuna çıxıb. Bunca az oyuna rəğmən, Otto 2018-ci ilin iyulundan çıxış etdiyi “canavarlar”ın heyətində möhkəmlənib əsas heyətin oyunçusu olduğu dövr də olub. Ümumilikdə Ottto “Vulverhempton”un heyətində 134 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.
Xonni 2018-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Otto İspaniyanın U-17, U-18, U-19, U-20, U-21 yığmalarına da cəlb edilib və U-19 kollektivi ilə 2013-cü il Avropa çempionatının qalibi olub. Bu, Ottonun futbolda qazandığı ilk və yeganə qənimətidir.
“Transfermarkt” internet-portalı 29 yaşlı ispan sol cinah müdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


