İspaniyanın “Sevilya” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Xose Luis Mendilibar ilə müqaviləyə xitam verib.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
62 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb. İspan məşqçinin bu klubla 2024-cü ilin 30 iyununa kimi müqaviləsi vardı. Tərəflər bu yay 1 illik yeni sözləşmə imzalamışdılar.
Xatırladaq ki, Xose Luis Mendilibar bu ilin mart ayından “Sevilya”ya rəhbərlik edirdi. O, həmin dövrdən bəri bu komandanı bütövlükdə 30 oyuna çıxarıb. “Sevilya” bu görüşlərdə 11 qələbə qazanıb, 11 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.
“Sevilya” La Liqada geridə qalan mövsümü 49 xalla 12-ci pillədə başa vurub. Əvəzində komanda təcrübəli çalışdırıcının rəhbərliyi altında Avropa Liqasının qalibi olub. Mendilibarın komandası finalda “Roma”nı penaltilər seriyasında 4:1 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 1:1) yeddinci dəfə bu qənimətə sahib olmağı bacarmışdı. Klub daha öncə 2006, 2007, 2014, 2015, 2016, 2020-ci illərdə Avropa Liqasının qalibi olub. “Sevilya” bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.
Bu mövsüm isə “Sevilya” La Liqada 8 oyuna cəmi 8 xal toplayıb və 14-cü pillədə qərarlaşıb. 2 qələbə qazanıb, 2 heç-heçə etmiş komanda 4 oyunda məğlub olub.
Mendilibar daha öncə “Alaves”, “Eybar”, “Levante”, “Osasuna”, “Valyadolid”, “Atletik”, “Eybar”, “Lansarote”, “Orrera” və “Baskoniya” kimi komandaları da çalışdırıb.


