İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola karyerası ərzində 35-ci qənimətini qazanıb.
Arena.az xəbər verir ki, o, bunu “şəhərlilər”in Çempionlar Liqasının finalında Milan “İnter”i üzərindəki qələbəsi (1:0) sayəsində nail olub.
Qvardiola bu göstəricidə Kiyev “Dinamo”sunun rumın baş məşqçisi Mirça Luçeskuya çatıb.
Maraqlıdır ki, Qvardiola buna 14 illik məşqçilik karyerası ərzində nail olub. Mirça Luçesku isə artıq 42 ildir məşqçilik edir. Hazırda hər iki mütəxəssis qazanılmış qənimətlərin sayına görə ikinci yeri bölüşürlər.
Müvafiq göstəricidə lider isə “Mançester Yunayted”in sabiq baş məşqçisi, şotland mütəxəssis Ser Aleks Ferqyusondur. Ferqyuson 39 illik məşqçilik karyerası ərzində 49 qənimət əldə edib.
Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. Pep bu qələbə ilə həm də “trebl”ə imza atıb: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb.
Beləliklə də Pep, Ser Aleks Ferqyusonun rəhbərlik etdiyi “Mançester Yunayted”in 1999-cu ildəki rekordunu təkrarlayıb. Bunula yanaşı, Pep ikinci “trebl”ə nail olmuş, həm də bunu iki fərqli komanda ilə etmiş ilk məşqçi kimi tarixə düşüb. 52 yaşlı ispan mütəxəssis daha öncə İspaniyada “Barselona” ilə də “trebl” etməyi bacarmışdı.
Xosep Qvardiola karyerası ərzində “Barselona” ilə 14, “Bayern”lə 7 titul qazanıb. O, “Mançester Siti” ilə də 14-cü kubokunu UEFA Çempionlar Liqasındakı bu qələbə sayəsində əldə edib.


