Xristo Yanev “Qarabağ”la matçdan öncə komandasını tənqid etdi

Sofiya ÇSKA-sının baş məşqçisi Xristo Yanev Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə komandasını tənqid edib.

Arena.az xəbər verir ki, ÇSKA ötən gün Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

Sofiya təmsilçisi 2-ci turda doğma meydanda Plovdiv “Botev”i ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. “Qarabağ”ın rəqibi ilk iki turdan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb.

Xristo Yanev oyundan sonra “Botev” üzərində qələbəni şərh edib. O, qələbəyə baxmayaraq, komandasının zəif çıxış etdiyini deyib:

“Botev”i yaxşı oyununa görə təbrik edirəm. Bu gün zəif oynadıq. Matça mümkün olan ən pis şəkildə başladıq. Nə aqressiya, nə topa sahib olma, nə də özünəinam var idi. Fasilədə etdiyimiz iki dəyişiklikdən sonra ikinci hissəyə bir qədər yaxşı başladıq. Amma bu, hamımızın görmək istədiyi ÇSKA deyil. Azarkeşləri sevindirəcək səviyyədə oyun sərgiləmədik”.

Xristo Yanev daxili çempionatda xal itkisinin komanda üçün ciddi problem yaradacağını vurğulayıb: “Avrokubok oyunları bizim üçün vacibdir. Amma bu, daxili çempionatı ikinci plana atmalı olduğumuz mənasına gəlmir. Çünki xal itkisi sonradan liderlərə yaxın olmağımızı çətinləşdirəcək”.

Baş məşqçi heyətdə hər mövqe üzrə seçim imkanlarının olduğunu da qeyd edib: “Hər mövqedə alternativimiz var. Meydana çıxan futbolçular ilk növbədə özlərinin, sonra klubun maraqlarını müdafiə etməlidirlər. Mən onların hər birinə güvənirəm. Üç çox gözəl qol vurduq, ikinci hissədə rəqib üzərində böyük təzyiq yaratdıq. Amma 45 dəqiqəlik oyunla kifayətlənə bilmərik”.

Qeyd edək ki, “Qarabağ”la ÇSKA arasında Bakıda keçirilmiş ilk oyun 0:0 hesabı ilə yekunlaşıb. Bu komandaların cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: