Xuan Kuadrado “Atalanta”da – Rəsmi

Bu yay “İnter”dan azad agent kimi ayrılmış kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadrado bundan sonra “Atalanta”da çıxış edəcək.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər arasında bir illik – 2025-ci il iyunun sonuna qədər razılıq əldə olunub. Kuadrado “Atalanta”ya azad agent qismində qoşulub.

Geridə qalmış 2023/2024 mövsümündə Kuadrado “İnter”in şərəfini qoruyub. O, bir mövsüm formasını geyindiyi Milan təmsilçisinin heyətində cəmi 12 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kolumbiyalı oyunçu “İnter”lə İtaliya çempionu da olub. Kuadradonun sözügedən klubla müqaviləsi bu il iyunun sonunda başa çatmışdı və tərəflər müqaviləni yeniləməmişdilər.

Xuan Kuadrado daha öncə İtaliyada uzun illər “Yuventus”da çıxış edib. Kolumbiyalı “qoca sinyora” ilə 10 kubok qazanıb: 5 Skudetto, 3 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku. Kuadradonun “Yuventus” karyerasının ümumi mənzərəsi isə belədir: 314 oyun, 26 qol, 65 məhsuldar ötürmə.

Xuan Kuadrado karyerası ərzində “Çelsi”, “Fiorentina”, “Leççe”, “Udineze” və “İndependyente” (Medelin) kimi klublarda da forma geyinib. Təcrübəli yarımmüdafiəçi Kolumbiya yığmasında 116 oyuna 11 qol vurub, 20 məhsuldar ötürmə verib.

“Atalanta” iki futbolçusunu da icarəyə göndərib. Yakopo Da Riva “Foccia”ya, Əl-Bilal Ture isə “Ştutqart”a keçib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaqlar. Satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Yakopo Da Riva yetirməsi olduğu “Atalanta”nın əsas komandasında cəmi 2 oyun keçirib. 23 yaşlı italiyalı yarımmüdafiəçi “Viçentsa”, SPAL, “Komo”, “Reccina”, “Yuve Stabia” kimi klublarda da icarədə olub.

Əl-Bilal Ture isə “Atalanta”ya 2023-cü ilin iyulunda İspaniyanın “Almeriya” klubundan 29,1 milyon avro müqabilində cəlb olunmuşdu. 22 yaşlı hücumçu bu komandanın heyətində 17 oyuna çıxıb, 3 qol vurub, 1 assistlə yadda qalıb. O, daha öncə AFE, “Reyms” və “Almeriya”da çıxış edib.

Tureni heyətinə qatmış “Ştutqart” da hücumçusu Məhəmməd Sankonu İtaliya “Kozentsa”sına icarəyə verib. 20 yaşlı forvard bu mövsümün sonuna kimi icarədə olacaq. “Vitess” və “Herakles”də də icarədə çıxış etmiş futbolçu, Almaniya klubunun əsas komandasında cəmi 3 matça çıxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: