İspaniyanın “Sevilya” komandasının baş məşqçi Xulen Lopeteqi istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandasına doğma meydandakı 1:4 hesablı məğlubiyyət isə 56 yaşlı mütəxəssisin sonunu gətirib. Məhz bu matçdan dərhal sonra klub rəhbərliyi Lopeteqi ilə yollarını ayırıb.
“Sevilya” Çempionlar Liqasının G qrupunda 3 oyuna cəmi 1 xal toplayıb və 4 komanda arasında üçüncü pillədə qərarlaşıb. Bu komanda La Liqada da 7 oyuna cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 17-cidir.
Xulen Lopeteqi 2019-cu ilin iyun ayından “Sevilya”ya rəhbərlik edirdi. İspaniyalı məşqçi bu komandanı bütövlükdə 169 matça çıxarıb. Sözügedən kollektiv bu görüşlərdə 90 qələbə qazanıb, 44 heç-heçə edib, 35 məğlubiyyətə üzülüb. Lopeteqi əvvəllər “Rayo Valyekano”, “Portu” və “Real”ın, həmçinin İspaniya yığmasının da baş məşqçisi olub.