Xviça Kvaratsxeliya rəsmən “Napoli”də!

Futbol üzrə Gürcüstan milli komandasının gənc hücumçusu Xviça Kvaratsxeliya Batumi “Dinamo”sundan ayrılıb. Arena.az xəbər verir ki, gürcü futbolçu İtaliyanın “Napoli” klubuna transfer olunub.

Bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sövdələşmənin məbləği, həmçinin tərəflər arasındakı müqavilənin detalları açıqlanmır. Lakin İtaliya mediasının məlumatına görə, Gürcüstan klubu bu keçidə görə 10 milyon avro irəli düşüb. Xviça isə yeni klubunda ilinə təxminən 1 milyon avro alacaq.

Xviça Kvaratsxeliya Tiflis “Dinamo”sunun yetirməsidir. O, peşəkar karyerasına da sözügedən komandada başlayıb. 2018-ci ildə isə o, paytaxt klubundan ayrılaraq “Rustavi”yə keçib. Məhz bu klubda çıxış edərkən gənc hücumçu Moskva “Lokomotiv”i tərəfindən icarəyə götürülüb. 2019-cu ildə Xviçanı Rusiyanın digər klubu – Kazan “Rubin”i heyətinə qatıb. O, 2021/22 mövsümünə də Kazan “Rubin”ində başlamışdı. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra UEFA bu iki ölkədə çıxış edən legionerlərə klubları ilə müqavilələrini ləğv etmək şansı yaratmışdı. Kvaratsxeliya da məhz şansdan maksimum yararlanaraq Kazan klubundan ayrılmış və ölkəsinə qayıtmışdı. O, bu ilin martında Batumi “Dinamo”su ilə 2 illik müqavilə imzalamışdı.

Sonda onu da xatırladaq ki, Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur. 21 yaşlı futbolçu ölkəsinin əsas yığmasında 16 oyun keçirib və 8 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: