Futbol üzrə İsveçrə milli komandasının qapıçısı Yan Zommer Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan ayrılıb. Arena.az xəbər verir ki, o, bundan sonra Bundesliqanın digər təmsilçisi “Bayern”in uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 35 yaşlı qolkiper Münhen təmsilçisi ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Bayern” bu transferə görə “Borussiya”ya 8 milyon avro təzminat ödəyib.
Yan Zommer 2014-cü ilin iyul ayından “Borussiya”da forma geyinirdi. Təcrübəli qolkiper Mönhenqladbax təmsilçisində 335 oyun keçirib. O, daha öncə ölkəsində “Bazel, “Qrasshopper” klublarının, həmçinin Lixtenşteynin “Vaduts” komandasının da uğurları üçün çalışıb. Zommer İsveçrə milli komandasında da 80 oyuna çıxıb.
Zommeri “Bayern”ə satan “Borussiya” da heyətinə yeni qapıçı cəlb edib. Sözügedən klub Fransanın “Monpelye” komandasından Yonas Omlini transfer edib. Maraqlıdır ki, Omlin də İsveçrədəndir. 29 yaşlı qolkiperlə 2027-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. Mönhenqladbax klubu da yeni qapıçısı üçün 8 milyon avro ödəyib.
Yonas Omlin 2020-ci ilin avqust ayında “Bazel”dən 6 milyon avro qarşılığında “Monpelye”yə keçmişdi. O, Fransa komandasında 74 oyun keçirib. İsveçrə milli komandasında 4 oyuna çıxmış qapıçı, “Monpelye” və “Bazel”dənöncə “Le Mont”, “Krins” və “Lutsern” kimi klubların da formasını geyinib.

Mönhenqladbax “Borussiya”sı yarımmüdafiəçisi Rokko Raytsı isə “Sent-Trüden” klubuna icarəyə verib. Almaniyadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi Belçika təmsilçisində oynayacağı diqqətə çatdırılıb.
Rokko Rayts “Borussiya”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 4 oyun keçirib. Gənc yarımmüdafiəçi ötən mövsüm də icarədə olduğu “Sent-Trüden”də 25 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


