Yanne Andersson və Viktor Lindelöf Bakıda qələbə istəyirlər

İsveç millisinin baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bu gün Bakıda təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bizi Azərbaycana qarşı çətin oyun gözləyir. Martda Azərbaycan millisinə qarşı oynamışdıq. Birinci hissədə çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da çətin oyun olacaq. Amma bura qələbə qazanmaq üçün gəlmişik”.

Yanne Andersson Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə eyni qrupda yer almasına da münasibət bildirib: “Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hakken” qrup mərhələsini uğurla başa vuracaq”.

Mətbuat konfransına İsveç yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Viktor Lindelöf də qatılıb. 29 yaşlı futbolçu səfər görüşündə 3 xal əldə etməyə çalışacaqlarını söyləyib:

“Təəssüf ki, final mərhələsinə çıxmaq şansımız yoxdur. Buna baxmayaraq, sabahkı oyuna eyni mentalitetlə çıxacağıq. Rəqibə qarşı uğurlu çıxış edib, onlara çətin anlar yaşatmaq istəyirik. Hədəfimiz əvvəlki matçlarda olduğu kimi, bu dəfə də qələbə qazanmaq olacaq”.

O, səfərdə oynamağın onlara çətinlik törədəcəyini gizlətməyib: “Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Düşünmürəm ki, bu bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də bunun gətirəcəyi çətinliyi səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – İsveç matçına saat 21:00-da start veriləcək. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç millisi isə üçüncüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: