Yannik Karrasko: “Onların dediklərini dəstəkləmirəm”

“Əl-Şabab”ın və Belçika yığmasının portuqaləsilli sol cinah vingeri Yannik Karrasko Səudiyyə Ərəbistanında insan haqları haqda danışıb.

Arena.az RTBF dərgisinə istinadən Karraskonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Oraya çoxlu ulduzlar gəlirlər. Çempionat böyüyür. Onların çempionatı böyütmək üçün çoxlu ideyaları var. Onlar çempionatı bütün dünyaya açırlar. Klub mənim ətrafımda bir layihə qurmaq istəyir. Onlar çalışırlar. Bu, gözəl ölkədir. Hər şeyi özünüz görməli, öz fikrinizi formalaşdırmalı və bütün tənqidlərə isə qulaq asmamalısınız.

Səudiyyə Ərəbistanında insan haqları pozulurmu? Mən təşkilatların dediklərini dəstəkləmirəm. Mən görürəm ki, Kristiano Ronaldo və həyat yoldaşı adətən orada yaşayır. Qalan oyunçular da. Mən orada oldum, orada necə qadınlar olduğunu, insanların necə gəzdiyini gördüm. Düzünü desəm, bu, gözəl ölkədir. Mən ora gedəndə müvafiq mövzuda xüsusi bir şey görmədim”, deyə Karrasko Səudiyyə Ərəbistanı mənzərəsin öz baxış bucğından təsvir edib.

Xatırladaq ki, Karrasko “Əl-Şabab”la 4 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Ərəblər Karraskonu Madrid “Atletiko”sundan transfer ediblər. Transferin ərəblərə 15 milyon avroya başa gəldiyi qeyd edilir. Bu, futbolçunun təxmin edilən bazar qiymətindən ucuzdur.

Geridə qalmış 2022/2023 mövsümündə Karrasko “döşəkçilər”in heyətində 44 oyuna çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə verib. Karrasko cari mövsümdə də “Atletiko”nun heyətində 3 oyuna çıxmağa macal tapıb və 1 məhsuldar ötürmə ilə fərqələnib. Ümumilikdə Karraskonun “Atletiko”da çıxışının statistikası belədir: 266 oyun, 47 qol, 45 məhsuldar ötürmə.

Karrasko “Atletiko” ilə İspaniya La Liqasını (2020/2021) və Avropa Liqasını (2017/2018) qazanıb. Bu iki kubok Karraskonun futbolçu karyerasında yeganə qənimətlərdir. Belçikalı müdafiəçi “Atletiko”ya qədər “Monako” və Çinin “Dalyan Profeyşnl” klublarında çıxış edib.

Yannik Karrasko 2015-ci ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 67 oyun keçirib, 10 qol vurub, 15 məhsuldar ötürmə verib.

Sentyabrın 9-da AÇ-2024-ün təsnifat mərhələsi çərçivəsində Bakıda yığma komandamıza qarşı keçirilmiş oyunda Karrasko Belçika yığmasının yeganə qələbə qolunu vurub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Yannik Ferreyra Karraskonu 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: