Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Benzya millinin baş məşqçisi Vladimir Petkoviçin 25 nəfərlik heyətində yer alıb. 29 yaşlı yarımmüdafəçinin çıxış etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Yassin Azərbaycan kubokunun iyunun 2-də baş tutacaq “Zirə” ilə final matçından sonra Əcəzair yığmasının düşərgəsinə qoşulacaq.
Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 54 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.
29 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 7 oyunda 4 qol vurub.


