Futbol üzrə Kolumbiya milli komandasının mərkəz müdafiəçisi Yerson Moskera “Vulverhempton”dan ayrılaraq “Vilyarreal”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
La Liqa təmsilçisi 22 yaşlı futbolçunu İngiltərə klubundan bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Yerson Moskera Kolumbiyanın “Atletiko Nasional” klubunun yetirməsidir. O, “Vulverhempton”a 2021-ci ilin iyul ayında 5,2 milyon avro qarşılığında keçmişdi. Lakin müdafiəçi bu komandada cəmi 1 oyuna çıxıb. “Vulverhempton” Moskeranı ötən il ABŞ klubu “Sinsinnati”yə də icarəyə vermişdi.
Kolumbiyanın U-18 və U-20 yığmalarında da oynamış Moskera 2023-cü ilin oktyabr ayında debüt etdiyi əsas millidə indiyə kimi 3 oyuna çıxıb.



