Yosip Brekalo “Fiorentina”nı tərk etdi – “Hayduk”a görə

“Fiorentina”nın xorvat sol vingeri Yosip Brekalo İtaliya klubundan ayrılaraq Xorvatiyanın “Hayduk” (Split) komandasına keçib.

Arena.az bu barədə “Hayduk”un mətbuat xidmətinə istinadən məlumat verir.

Xorvatiya klubu Brekalonu icarə müqaviləsi əsasında öz heyətinə qatıb. İcarə cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Xorvat klubu Brekalonun icarəsi üçün “Fiorentina”ya 100 min avro məbləğ ödəyib.

Yosip Brekalo Zaqreb “Dinamo”sunun yetirməsidir. Xorvat futbolçu karyerası ərzində “Volfsburq”, “Ştutqart”, “Torino” və “Fiorentina”da oynayıb.

Cari mövsümün ilk yarısında Brekalo “Fiorentina”nın heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 1 qol vurub.

Yosip Brekalonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə 2015/2016-cı illər mövsümündə qazandığı Xorvatiya çempionluğu və Xorvatiya Kuboku var. Həmçinin xorvat futbolçu “Ştutqart”la 2016/2017 mövsümü 2-ci Bundesliqanın qalibi olub.

Brekalo 2018-ci ilin noyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 35 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı xorvat sol vingerin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

“Fiorentina” mərkəz müdafiəçisi Kristian Dalle Muranı da “Ternana”ya icarəyə verib. 21 yaşlı italyan futbolçu cari mövsümün sonuna kimi aşağı liqa təmsilçisinin uğurları üçün çalışacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Kristian Dalle Mura “Fiorentina”nın öz yetirməsidir. Florensiyalı müdafiəçi daha öncə “Recina”, “Kremoneze”, “Pordenone” və SPAL-da da icarədə olub. O, İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarının da şərəfini qoruyub. Mura “Fiorentina”nın əsas komandasında cəmi 1 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı italyan müdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: