Yosip Brekalo “Volfsburq”u Fiorentinaya dəyişdi

Futbol üzrə Xorvatiya milli komandasının yarımmüdafiəçisi Yosip Brekalo Almaniyanın “Volfsburq” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 24 yaşlı vinger bundan sonrakı karyerasını İtaliyada davam etdirəcək.

O, A Seriyası təmsilçisi “Fiorentina”ya keçib. İtaliya klubu bu transfer üçün almanlara 1.5 milyon avro təzminat ödəyib. Brekalo yeni klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb. Futbolçu qarşıdakı üç il yarım ərzində hər mövsümünə 2 milyon avro qazanacaq. Yarımmüdafiəçi yeni komandasında 77 nömrəli formanı geyinəcək.

“Volfsburq”la müqaviləsinin müddəti yayda başa çatacaq Yosip Brekalo 2016-cı ilin iyul ayında 10 milyon avro qarşılığında Zaqreb “Dinamo”sundan Bundesliqa təmsilçisinə keçmişdi. O, Almaniya klubunda 129 oyuna çıxıb və bu görüşlərdə 22 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb. Brekalo “Volfsburq”da olarkən “Ştutqart” (28 oyun, 3 qol, 2 məhsuldar ötürmə) və “Torino”da (33 oyun, 7 qol, 2 qol ötürməsi) icarədə də oynayıb. Xorvatiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynamış futbolçu, 2018-ci ildən əsas milliyə cəlb olunur. O, Xorvatiya milli komandasında da 33 oyunda iştirak edib, 4 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: