“Mançester Siti”nin yeni transferi, xorvat mərkəz müdafiəçisi Yoşko Qvardiol İngiltərə nəhənginə keçidi ilə bağlı ilk təəssüratlarını bölüşüb.
Arena.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən Qvardiolun müsahibəsindən əsas məqamları diqqətinizə çatdırır:
“Düzünü desəm, ötən mövsüm hamı “Mançester Siti”dən qaçmaq istəyirdi. Təəssüf ki, “Leypsiq” UEFA Çempionlar Liqasında “Siti” ilə üzləşmiş komandalardan biri oldu! Biz çətin olacağını bilirdik, amma bu, inanılmaz idi.
“Mançester Siti”nin evdə oynaması, meydandakı o ab-hava – bu, sadəcə, başqa səviyyə idi. O vaxt bir neçə dəfə dedim ki, “uşaqlar, siz Çempionlar Liqasını qazanmağa layiqsiniz”.
Erlinq Halanda gəlincə, onun keçən mövsüm “Mançester Siti” üçün nə etdiyini hamımız bilirik və mən onu təbrik edirəm. Onun indi mənim tərəfdaşım olması xoşdur. Bundesliqada oynayarkən o, səviyyəli oyunçu idi – güclü, sürətli və dünyanın ən yaxşılarından biri olmaq üçün hər şeyə malikdir.
Xoşbəxtlikdən, indi Halandla eyni komandadayıq və artıq onun haqqında narahat olmağıma dəyməz!”, deyə Qvardiol bildirib.
Xatrıladaq ki, Yoşko Qvardiol “şəhərlilər”lə 5 illik müqavilə imzalayıb. Onun “Mançester Siti”yə transferi 90 milyon avro, üstəgəl 10 milyon avro bonuslar müqabilində başa gəlib. Bu isə xorvat futbolçunu futbol tarixinin ən bahalı müdafiəçisinə çevirib. Buna qədər heç bir müdafiəçiyə bu qədər xərc çəkilməyib.
Geridə qalmış 2022/2023 mövsümündə Qvardiol “Leypsiq”in heyətində 41 oyuna çıxıb, 3 qol vurub.
Qvardiol 2021-ci ildə debüt etdiyi Xorvatiya yığmasının heyətində 21 oyun keçirib, 2 qol vurub və DÇ-2022-nin bürünc medallarını qazanıb.


